Çinin şərqində yerləşən Şandun əyalətinin Jiaodong yarımadasında təxminən 6 min ton qızıl ehtiyatının olduğu bildirilir. Alimlərin araşdırmasına görə bölgədəki qızıl damarları yerin təxminən 4 min metr dərinliyinə qədər uzanan geoloji qırılmalarla əlaqəlidir.
Tədqiqatçılar 1500 qazma quyusundan əldə edilən məlumatları, geofiziki ölçmələri və üçölçülü modelləşdirməni araşdırıblar. Nəticələr qızılın yerin altında vahid kütlə şəklində deyil, müxtəlif dərinliklərdəki süxurlar və mürəkkəb geoloji çatlar boyunca yayıldığını göstərib. Dərin qatlarda hasilat yüksək temperatur, güclü qaya təzyiqi, havalandırma problemləri və böyük xərclər yaradır.
Alimlərin fikrincə, bölgədəki qızıl yataqları təxminən 120 milyon il əvvəl formalaşıb. Dərin qatlarda yerləşən ehtiyatların çıxarılması üçün müasir texnologiyalar və böyük investisiyalar tələb olunur. Araşdırmanın gələcək qızıl axtarışlarına istiqamət verəcəyi gözlənilir.
Prestij.media
















