ABŞ-ın “Colossal Biosciences” biotexnologiya şirkəti nəsli XVII əsrdə kəsilmiş dodo quşunun yenidən yaradılması layihəsində mühüm mərhələyə çatdığını açıqlayıb. Şirkət genetik mühəndislik və süni intellekt texnologiyalarından istifadə edərək bu quşun xüsusiyyətlərini bərpa etməyə çalışır.
Tədqiqatçılar dodo quşunun genomunun təhlilində son mərhələyə yaxınlaşdıqlarını bildiriblər. Məqsəd növün yaşayan ən yaxın qohumlarından biri hesab edilən Nikobar göyərçinində lazımi genetik dəyişikliklər aparmaqdır. Lakin ilk dodo balasının nə vaxt əldə ediləcəyi hələ məlum deyil.
Təxminən bir metr hündürlüyündə və 22,5 kiloqram çəkisində olan dodo quşu sonuncu dəfə 1662-ci ildə görülüb. Layihə uğurlu olarsa, quşun Hind okeanındakı Mavriki adasına qaytarılması planlaşdırılır. Şirkət həmçinin yunlu mamont və Tasmaniya pələngi kimi nəsli kəsilmiş digər heyvanların da yenidən yaradılması üzərində çalışır.
Prestij.media
















