Süni intellekt modellərinin inkişafı üçün daha çox məlumat toplamaq istəyən texnologiya şirkətləri Avropada ikinci əl kitab bazarına üz tutublar. Məlumata görə, milyonlarla kitab antikvar və sahaf mağazalarından satın alınaraq rəqəmsallaşdırılır, daha sonra isə fiziki nüsxələri məhv edilir.
Prestij.media xəbər verir ki, proses ilk dəfə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən sahafların eyni vaxtda aldığı kütləvi sifarişlərlə diqqət çəkib. Araşdırmalar sifarişlərin əsasən Kanada mərkəzli Zoom Books şirkəti tərəfindən verildiyini göstərib.
Şirkətin xüsusilə 1970-ci ildən sonra nəşr olunmuş, ISBN nömrəsi olan texniki, elmi, tarixi və digər qeyri-bədii kitabların bir nüsxəsini aldığı bildirilir. Toplanan kitablar Çexiya–Almaniya sərhədində yaradılmış mərkəzlərə göndərilir, burada səhifə-səhifə skan edilərək rəqəmsal bazaya köçürülür. Tarama başa çatdıqdan sonra isə fiziki nüsxələrin məhv edildiyi iddia olunur.
Mütəxəssislər bildirirlər ki, internetdə mövcud məlumatların artıq süni intellekt modellərinin təlimi üçün kifayət etməməsi şirkətləri çap kitablarına yönəldib. Xüsusilə internetdə az rast gəlinən tarix, hüquq, iqtisadiyyat, texniki sahələr və yerli araşdırmalarla bağlı mənbələrə böyük tələbat yaranıb.
Oxşar halların Hollandiya və ABŞ-də də qeydə alındığı bildirilir. ABŞ-də bəzi məhkəmə qərarlarının qanuni şəkildə alınmış kitabların müəyyən şərtlərlə rəqəmsallaşdırılmasını “ədalətli istifadə” çərçivəsində qiymətləndirməsi bu təcrübənin yayılmasına zəmin yaradıb.
Sahaflar və mədəni irs üzrə mütəxəssislər isə xəbərdarlıq edirlər ki, nadir kitabların yalnız rəqəmsal bazalarda saxlanılması və fiziki nüsxələrinin məhv edilməsi gələcəkdə bərpası mümkün olmayan mədəni itkilərə səbəb ola bilər.
















