Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya kubokunun qalibi olub.
Prestij.media xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb.
Hər 3 raundu öz xeyrinə başa vuran Cəfərov, yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qətiyyətli qələbə qazanaraq Dünya kubokunun qızıl medalına sahib olub.
Beləliklə, Azərbaycan milli komandası 40 ölkədən 300 idmançının qatıldığı və ilin ikinci reytinq xarakterli yarışı olan turniri 1 qızıl və 2 bürünc medalla başa vurub.
Xatırladaq ki, daha öncə boksçularımızdan Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc mükafata yiyələnmişdilər.
















