Rusiyanın paytaxtı Moskvada qəfil başlayan güclü leysan yağışları şəhərdə ciddi fəsadlara səbəb olub.
Bir neçə gündür davam edən isti hava şəraitindən sonra şəhəri ildırımla müşayiət olunan intensiv yağışlar bürüyüb. Nəticədə mərkəzi Kutuzov prospekti də daxil olmaqla bir sıra küçələrdə su basqını qeydə alınıb.
Güclü yağıntı səbəbindən avtomobillər yollarda çətin vəziyyətdə qalıb, bəzi ticarət mərkəzlərinin də su altında qaldığı bildirilir. Şəhərin müxtəlif ərazilərində nəqliyyatın hərəkətində ciddi məhdudiyyətlər yaranıb.
Hava şəraiti ilə əlaqədar Moskva və Moskva vilayətində narıncı təhlükə səviyyəsi elan olunub. Əraziyə 300-dən çox xilasetmə briqadası və yüzlərlə texnika cəlb edilib.
Şəhər xidmətləri gücləndirilmiş rejimdə işləyərək, leysan yağışlarının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür.
















