ABŞ-də Montana ştatında yerləşən “Rocky Mountain” dövlət tədqiqat laboratoriyasında çalışan iki alimin Afrikadan ölkəyə virus nümunələrini qanunsuz yolla keçirməyə cəhd etdiyi iddia olunub.
Məlumata görə, laboratoriyanın Virus Ekologiyası şöbəsinin rəhbəri Vinsent Munster və həmkarı Klod Kve “mpox” (meymunçiçəyi) virusuna aid nümunələri müvafiq icazələr olmadan ABŞ-yə gətirməyə çalışıblar.
İddianaməyə əsasən, alimlər Demokratik Konqo Respublikasında aparılan elmi ekspedisiyadan sonra Paris üzərindən Detroyt hava limanına eniş ediblər. Lakin hava limanında aparılan yoxlamalar zamanı bəyan edilməmiş bioloji materialların olduğu müəyyən edilib.
Rəsmilər nümunələrin zərərsizləşdirilmiş formada olduğunu bildirsələr də, onların ölkəyə lazımi icazəsiz daxil edilməsi hüquqi araşdırma predmetinə çevrilib.
Məlumata görə, saxlanılan şəxslər ittihamları qəbul etməyiblər. Onlardan birinin “Mən bunu hər zaman edirəm” ifadəsini işlətdiyi iddia olunur.
ABŞ Milli Səhiyyə İnstitutları (NIH) hadisə ilə bağlı araşdırmanın davam etdiyini və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edildiyini açıqlayıb.
//Prestij.media
















