Vyetnamın Ho Şi Min şəhərində 2700-ə yaxın pişiyi oğurlayaraq ətini satmağı planlaşdırdığı iddia edilən 12 nəfərlik dəstə saxlanılıb. Polis əməliyyatı zamanı 50 canlı pişik xilas edilib. Ərazidə heyvanları tutmaq üçün tələlər, tərəzilər və tüklərini yolmaq üçün istifadə olunan iki aparat da aşkarlanıb.
Məlumata görə, şübhəlilər pişikləri yaşayış məntəqələrində balıqla yemlənmiş tələlər vasitəsilə tutub motosikletlərlə aparıblar. İddialara əsasən, hər qrup bir gecədə 4-10 pişik tuta bilirdi. Xilas edilən heyvanların taleyi ilə bağlı tədbirlər görülür.
Vyetnamda pişik və it ətinin qanunsuz dövriyyəsi uzun müddətdir narahatlıq doğurur. Bir neçə ay əvvəl Ho Şi Min şəhərində keçirilən başqa bir əməliyyat zamanı da 400-dən çox pişik xilas edilmişdi. Heyvan hüquqları müdafiəçiləri bu ticarətə qarşı mübarizənin gücləndirilməsinə çağırırlar.
Prestij.media
















