“İnsan Hüquqları Aylığı” çərçivəsində 12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş maarifləndirmə tədbiri təşkil olunub.
Prestij.media xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Ombudsman Aparatı tərəfindən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbir “Uşaq hüquqlarının qorunması: uşaqların əmək hüquqları və onların əməyindən istifadənin xüsusiyyətləri” mövzusuna həsr edilib.
Tədbirin əsas məqsədi təhsil müəssisəsində təhsil alan tələbələrin və pedaqoji heyətin uşaq hüquqları, xüsusilə də əmək hüquqları sahəsində məlumatlılığının artırılması olub.
Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı çıxış edərək uşaqların əmək hüququ, işə qəbul zamanı tətbiq olunan güzəştlər, uşaq hüquqlarının pozulması halları və bunun doğurduğu nəticələr barədə ətraflı məlumat verib.
Təlim zamanı uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş hüquqi mexanizmlər, Ombudsmanın mandatı və uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən fəaliyyətlər iştirakçıların diqqətinə çatdırılıb.
Müzakirə formatında davam edən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
















