Fransız Polineziyasında kənd təsərrüfatı zərərvericiləri ilə mübarizə məqsədilə adalara gətirilən yırtıcı ilbizlər gözlənilməz ekoloji fəlakətə səbəb olub. Nəticədə bölgəyə xas 50-dən çox Partula ilbizinin nəsli tükənib.
Hadisələr 1970-ci illərdə Afrika mənşəli nəhəng quru ilbizinin adalara gətirilməsi ilə başlayıb. Bu növ sürətlə çoxalaraq əkin sahələrinə zərər verdikdən sonra 1974-cü ildə Tahitidə onunla mübarizə aparmaq üçün ətyeyən Euglandina rosea növü təbiətə buraxılıb.
Lakin yırtıcı ilbiz hədəfdəki növ əvəzinə ağaclarda yaşayan yerli Partula ilbizlərini ovlamağa başlayıb. Mooreada 8 növdən 7-si, Tahitidə isə 4-5 növ yox olub. Raiatea, Huahine, Tahaa və Bora Bora adalarında isə qeydə alınan 44 növün hamısının nəsli tükənib.
Məlumatlara görə, 51 Partula növündən 45-i artıq təbiətdə tamamilə yox olub. Hazırda bəzi növlərin xüsusi mərkəzlərdə artırılması və yenidən təbiətə qaytarılması üçün qoruma proqramları həyata keçirilir.
Prestij.media
















