Nəzərbəy Hacıağayev: “Yaxın Şərqdəki proseslərə qısa müddətli şərh vermək düzgün deyil”
Yaxın Şərqdəki proseslərə qısa müddətli şərh vermək düzgün deyil. Bu sözləri Prestij.Media saytına açıqlamasında siyasi şərhçi Nəzərbəy Hacıağayev bildirib.
“ABŞ/İsrail-İran münaqişəsinin yaxın günlərdə bitəcəyini gözləmək düzgün deyil. Hər nə qədər ABŞ Prezidenti Donald Tramp danışıqların sona çatması barədə, razılaşmanın əldə olunması barədə məlumat versə də, bu, sözügedən bölgədə münaqişənin bir dəfəlik bitəcəyi anlamına gəlmir. Razılaşma sadəcə uzunmüddətli ola biləcək, ancaq daimi olmayacaq atəşkəsin olması ilə bağlıdır. Bu atəşkəslə ABŞ/İsrail müttəfiqləri istəklərinə çatacaq və sonda münaqişənin birinci fazası başa çatacaq. ABŞ Vyetnam müharibəsindən sonra münaqişə aparmaq strategiyasını tamamilə dəyişdirdi. ABŞ münaqişələr zamanı düşməni bir zərbə ilə, bir müharibə ilə məğlub etmə strategiyasından imtina etdi. İlk dəfə olaraq düşmənə fasilələrlə zərbə endirmə strategiyasını əsas götürdü. Nümunə olaraq İraqı göstərə bilərik. ABŞ İraqı 2003-cü ildə işğal etməmişdən əvvəl 1991-ci ildə bu ölkə ilə bir münaqişəyə girdi. İlk münaqişədə İraqı zəiflətdi, daha sonra sanksiyalar, ABŞ kəşfiyyatının fəaliyyəti nəticəsində etnik qarşıdurmalar və sonluq hər kəsə bəllidir. İran üçün də təxmini bu tipli, ancaq daha mürəkkəb, daha uzun müddətli bir ssenari hazırlanıb. İranın bu tip ssenariyə nə qədər hazır olduğunu isə zaman göstərəcək. Ancaq ilk atəşkəsdən sonra İranın və onu sevənlərin sevinməsi düzgün deyil. Çünki hələ münaqişə tam bitməyib. İran xalqı isti-isti bunun nəticələrini hiss etmir. İran ordusunun şəxsi heyətinin böyük bir hissəsi, özü də yüksək rütbəli zabitləri münaqişə zamanı həyatını itirib. Onların yenidən əvəz olunması prosesi o qədər də asan bir mərhələ deyil. Çox bahalı hərbi texnikaya və ölkənin infrastrukturuna ciddi ziyan dəyib. Milyardlarla olan bu ziyanı sanksiyalar altında olan İran iqtisadiyyatının qarşılaması o qədər də asan məsələ deyil. Hər nə qədər İran özünü öz silahları ilə təmin etsə də, öz infrastrukturunu özü bərpa edən ölkə olsa da, bunun özü bir maliyyə tələb edir. Bütün bunların fonunda xalqın rifahının düşməsi prosesi baş verə bilər ki, bu ssenaridə ABŞ-ın daxildən İranı parçalamaq arzusu da bunun bir hissəsidir. Eyni zamanda İran xalqının etnik fərqlilikləri İranın ən böyük problemlərindən biri ola bilər. Bəzi millətlər öz azadlıqlarını əldə etmək üçün ABŞ-a sərf edən üsyanlar qaldıra bilər. Ona görə də hesab edirəm ki, bu münaqişənin bitməsinin bir atəşkəslə kifayətlənəcəyini düşünə bilmərik. ABŞ və İsrail kimi dövlətlər məqsədlərinə əvvəl-axır çatmağı bacarırlar”, – deyə Nəzərbəy Hacıağayev bildirib.
//Prestij.Media
















