Fransanın cənub-şərqində davam edən meşə yanğınları və güclü istilər səbəbindən 7 bölgədə qırmızı həyəcan elan edilib. Alovların genişlənməsi nəticəsində 10 mindən çox sakin təhlükəsiz ərazilərə təxliyə olunub.
Ən ciddi vəziyyət Pyrenees-Orientales və Herault bölgələrində qeydə alınıb. Trevillach şəhəri yaxınlığında günlərdir davam edən yanğın 4 min 600 hektardan çox ərazini külə döndərib. Hadisə zamanı bir yanğınsöndürən də daxil olmaqla 5 nəfər yüngül xəsarət alıb, bəzi yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.
Herault bölgəsində isə mindən çox yanğınsöndürən 30-dan artıq yanğına müdaxilə edib. Carlencas-et-Levras yaxınlığında baş verən yanğın 250 hektarlıq ərazini məhv edib və söndürmə işləri havadan və qurudan davam etdirilir.
Rəsmilər bildiriblər ki, bu il meşə yanğınları əvvəlki illərlə müqayisədə daha erkən başlayıb. Mövsümün əvvəlindən indiyədək 11 min hektardan çox ərazi yanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Prestij.Media
















