Avstraliyada keçirilən Oz Lotto lotereyasının 40 milyon dollarlıq böyük uduşu iki qalib arasında bölünüb. Hobart şəhərindən bir kişi və Kvinslend ştatının Hervi-Bey bölgəsindən bir qadın birinci kateqoriya üzrə qalib gələrək hərəyə 20 milyon dollar qazanıblar. Qadın əvvəlcə böyük mükafatın ona düşdüyünə inanmayıb və biletini yoxlatdırmaq üçün satış məntəqəsinə gedib.
Prestij.media xəbər verir ki, qadın biletini yoxlatdırarkən əvvəlcə 20 min dollar qazandığını düşündüyünü, daha sonra rəqəmlərin çox olduğunu anlayaraq 20 milyon dollar qazandığını bildiyini deyib. O, qazancın ailəsi üçün böyük dəyişiklik yaradacağını söyləyib və hələlik işləməyə davam edəcəyini bildirib. Qalib biletin Kvinslendin Urraween bölgəsindəki satış məntəqəsindən alındığı açıqlanıb.
Böyük uduşun digər qalibi olan Hobart sakini isə qazandığı pulla ilk növbədə kirayədə yaşadığı evdən çıxaraq öz evini almaq istədiyini bildirib. O, həmçinin uzun müddətdir getmək arzusunda olduğu ABŞ-ın Texas və Arizona ştatlarına səyahət etməyi planlaşdırdığını deyib.
















