Tayvanda qida yağlarında kanserogen maddənin aşkarlanması ilə başlayan qalmaqal məhkəməyə daşınıb. Taichung Rayon Prokurorluğu Central Union Oil şirkəti ilə əlaqəli üç qida şirkəti və onların rəhbərləri də daxil olmaqla, ümumilikdə 15 nəfər barəsində cinayət işi açıb.
Qalmaqalın mərkəzində Taichung şəhərində fəaliyyət göstərən Central Union Oil şirkəti dayanır. Şirkətin istehsal etdiyi soya əsaslı yemək yağının 7 partiyasında kanserogen benzo[a]piren (BaP) maddəsinin miqdarının qanunla müəyyən edilmiş həddi aşdığı müəyyən edilib. Problemli yağların 1000-dən çox məktəbdə yeməklərin hazırlanmasında istifadə olunduğu açıqlanıb. Bu yağlardan hazırlanmış yeməkləri istehlak edən şagird, müəllim və digər şəxslərin dəqiq sayı isə hələ açıqlanmayıb.
Prokurorluğun məlumatına görə, Central Union Oil şirkətinin rəhbərləri may ayında BaP testlərinin nəticələrindən xəbərdar olublar. Buna baxmayaraq, məhsullar vaxtında geri çağırılmayıb və aidiyyəti qurumlara məlumat verilməyib. Şirkətin vəziyyət barədə Tayvanın Qida və Dərman İdarəsinə yalnız iyunun 30-da məlumat verdiyi bildirilir. Digər şirkətlərin rəhbərlərinin də çirklənmiş yağlardan xəbərdar olduqları halda satışları dayandırmadıqları iddia edilir. İstintaq çərçivəsində şirkətlərin istehsal sənədləri, kompüterləri və test nəticələri müsadirə olunub.
Prestij.media
















