Norveçin Svalbard arxipelaqında yerləşən və dünyanın ən şimalda yerləşən daimi yaşayış məntəqəsi hesab olunan Longyearbyen qəsəbəsi qeyri-adi qanunları ilə diqqət çəkir. Burada dəfn etmək, pişik saxlamaq qadağandır, qəsəbədən kənara çıxarkən isə silah gəzdirmək məcburidir.
Prestij.media xəbər verir ki, Şimal Qütb dairəsində yerləşən qəsəbədə təxminən 2 500 nəfər yaşayır. Longyearbyen sərt iqlimi ilə yanaşı, elmi araşdırmalar və turizm baxımından da mühüm mərkəz hesab olunur.
Qəsəbədə küçələrin adı yoxdur, ünvanlar yalnız nömrələrlə müəyyən edilir. Ekoloji tarazlığı qorumaq məqsədilə pişik saxlamaq qadağan edilib. Bundan başqa, alkoqollu içkilərin alınmasına da aylıq limit tətbiq olunur.
Longyearbyen “ölməyin qadağan olunduğu şəhər” kimi tanınır. Əslində isə burada 1950-ci ildən etibarən dəfn mərasimlərinin keçirilməsi qadağandır. Bunun səbəbi ərazidə torpağın daim donmuş vəziyyətdə olmasıdır. Mütəxəssislər hesab edirlər ki, belə şəraitdə bəzi viruslar uzun müddət aktiv qala bilər. Bu səbəbdən ağır xəstələr və yaşlı insanlar ömürlərinin son dövründə Norveç materikinə köçürülür.
Qəsəbənin digər maraqlı qaydası isə qütb ayılarının təhlükəsi ilə bağlıdır. Yaşayış məntəqəsindən kənara çıxan şəxslərin təhlükəsizlik məqsədilə odlu silah gəzdirməsi qanunla tələb olunur.
















