Mütəxəssislər bildirirlər ki, beyin həcmi yaş artdıqca tədricən azalır və bu proses adətən 30–40 yaşlardan etibarən başlayır. Lakin alimlər hesab edirlər ki, düzgün həyat tərzi ilə bu dəyişiklikləri yavaşlatmaq, hətta müəyyən dərəcədə geri çevirmək mümkündür.
Johns Hopkins Universitetinin nevroloqu Dr. Majid Fotuhi beyin sağlamlığını qorumaq üçün elmi araşdırmalara əsaslanan bir sıra vərdişləri tövsiyə edir. Onun sözlərinə görə, beyin plastiklik xüsusiyyəti sayəsində yeni şəraitə uyğunlaşa və müəyyən dərəcədə inkişaf edə bilir.
Mütəxəssisin təqdim etdiyi əsas tövsiyələr arasında Aralıq dənizi tipli qidalanma, müntəzəm fiziki aktivlik, yeni bilik və bacarıqların öyrənilməsi, keyfiyyətli yuxu rejimi, meditasiya və həyatda məqsəd hissinin olması yer alır. Bu vərdişlərin beyin hüceyrələri arasındakı əlaqələri gücləndirdiyi və idrak funksiyalarını dəstəklədiyi qeyd olunur.
Araşdırmalara görə, obezlik, diabet, xroniki yuxusuzluq və pis qidalanma kimi amillər beyin həcminin azalmasını sürətləndirə bilər. Əksinə, aktiv həyat tərzi və düzgün qidalanma beynin yaşlanma prosesini yavaşlada bilər.
Mütəxəssislər xüsusilə Alzheimer və digər demensiya risklərinə qarşı profilaktik olaraq bu vərdişlərin vacibliyini vurğulayırlar.
//Prestij.media
















