İsveçrənin varlı ailələrin övladlarının təhsil aldığı məşhur Institut Le Rosey məktəbi təbiət və dəniz elmləri dərsləri üçün 17 milyon dollara lüks yaxta alıb. “Krallar məktəbi” kimi tanınan təhsil müəssisəsinin 29 metr uzunluğundakı yaxtası günəş enerjisi ilə işləyir və üzən sinif kimi istifadə olunacaq.
Yaxtada eyni vaxtda 10 şagird dərs keçə biləcək. Beş nəfərlik heyətin xidmət göstərdiyi gəmidə rahat oturacaqlar, panoramik pəncərələr və digər lüks şərait yaradılıb. Şagirdlər Aralıq dənizi və Karib hövzəsində keçirilən təcrübə dərslərində dəniz biologiyası, ətraf mühitin qorunması və bərpa olunan enerji haqqında öyrənəcəklər.
Məktəbdə illik təhsil haqqının təxminən 200 min dollar olduğu bildirilir. Yaxtada təşkil edilən iki həftəlik praktiki təlim üçün ailələrin əlavə olaraq təxminən 20 min dollar ödəməsi tələb olunur. 1880-ci ildə yaradılan məktəbdə müxtəlif ölkələrin kral ailələrinin və milyarderlərin övladları təhsil alıb.
Prestij.media
















