ABŞ-da Sakit okeanın dibindən götürülən qaya nümunələri laboratoriyada gözlənilmədən alışıb. Oreqon və Kaliforniya sahilləri yaxınlığında aparılan araşdırma zamanı toplanan 57 nümunədən ikisi qurudulub parçalanarkən kənardan alov verilmədən yanmağa başlayıb. Hadisə zamanı temperaturun 100 dərəcəni keçdiyi müəyyən edilib.
ABŞ Geoloji Xidmətinin araşdırmasına görə, nümunələr 2022-ci ildə Sakit okeandakı Eskanaba çökəkliyindən götürülüb. Təhlillər göstərib ki, alışan qayaların tərkibində markazit mineralı çox olub. Bu mineral oksigenlə reaksiyaya girdikdə istilik yarada və müəyyən şəraitdə öz-özünə alışmaya səbəb ola bilər.
“Scientific Reports” jurnalında dərc olunan tədqiqat dəniz dibində mədən işləri zamanı yarana biləcək risklərə diqqət çəkib. Alimlər belə qayaların gəmilərdə emalı zamanı yanğın təhlükəsinin qarşısını almaq üçün onların mineral tərkibinin əvvəlcədən yoxlanılmasının vacibliyini vurğulayıblar.
Prestij.media
















