ABŞ-ın Miçiqan Dövlət Universitetinin alimləri külək turbinlərinin qanadlarının təkrar emalını asanlaşdıra biləcək yeni kompozit material hazırlayıblar. Tədqiqat zamanı materialın tərkibindən əldə edilən komponentlərdən biri təmizləndikdən sonra jelibon istehsalında istifadə olunub. Lakin bu, istifadədən çıxmış turbin qanadlarının birbaşa şirniyyata çevrilməsi demək deyil.
Yeni material bitki mənşəli polilaktik turşu, sintetik komponent və şüşə lifin birləşməsindən hazırlanıb. Onun parçalanması nəticəsində qida sənayesində də istifadə olunan kalium laktat əldə edilib. Alimlər bu maddəni təmizləyərək jelibon hazırlayıblar.
Tədqiqatın məqsədi yalnız şirniyyat istehsalı deyil. Gələcəkdə materialın komponentlərinin avtomobil hissələrində, pəncərə materiallarında və digər məhsullarda istifadəsi nəzərdə tutulur. Növbəti mərhələdə yeni materialdan külək turbinlərinin qanadlarının hazırlanması və real şəraitdə sınaqdan keçirilməsi planlaşdırılır.
Prestij.media
















