Rusiya və Malayziya arasında qarşılıqlı vizasız səfərlərin tətbiqi ilə bağlı razılaşmanın hazırlanması sürətləndirilib. İki ölkə qısa müddətli səfərləri əhatə edən vizasız rejim sazişini 2026-cı ilin sonuna qədər tamamlayaraq qüvvəyə mindirməyi planlaşdırır.
Rusiyanın Malayziyadakı səfirliyinin açıqlamasına görə, sazişin layihəsi hüquqi baxımdan yüksək hazırlıq mərhələsindədir. Vladivostokda keçirilən Rusiya-Malayziya Birgə İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq Komissiyasının 5-ci iclasında tərəflər prosesi ilin sonuna qədər başa çatdırmaq niyyətlərini təsdiqləyiblər.
Yeni razılaşma qüvvəyə mindikdən sonra hər iki ölkənin vətəndaşları 30 günədək vizasız səfər edə biləcəklər. Hazırda yalnız Rusiya vətəndaşları Malayziyaya 30 günədək vizasız gedə bilir. Mütəxəssislər yeni rejimin turizm və ticarət əlaqələrini canlandıracağını, həmçinin iki ölkə arasında birbaşa müntəzəm uçuşların bərpasına şərait yaradacağını bildirirlər.
Prestij.media
















