Türkiyədə milyonlarla avtomobil sahibini maraqlandıran yol hərəkəti qaydalarında mühüm dəyişiklik edilib. Daxili İşlər Nazirliyinin yeni qərarına əsasən, yol polisi artıq avtomobilə sonradan quraşdırılan, lakin asanlıqla sökülüb-taxılan bəzi avadanlıqlara görə cərimə tətbiq etməyəcək.
Qərara əsasən, port-baqaj, avtomobil üstü çadır və xizək daşıma avadanlıqları nəqliyyat vasitəsinin konstruksiyasında daimi dəyişiklik yaratmadığı və təhlükəsizlik sistemlərinə müdaxilə sayılmadığı üçün artıq texniki dəyişiklik kimi qiymətləndirilməyəcək.
Bundan əvvəl bəzi yoxlamalar zamanı bu avadanlıqlara görə sürücülər barəsində qanunun müvafiq maddəsi ilə inzibati protokol tərtib edilir, cərimə yazılır və avadanlığın texniki sənədlərə işlənməsi tələb olunurdu. Yeni qərarla bu fərqli tətbiqlərə son qoyulub.
Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, polis və jandarma əməkdaşları artıq sökülüb-taxılması mümkün olan bu tip avadanlıqlara görə sürücülərə cərimə tətbiq etməyəcək.
Prestij.media
















