Çinin elektrikli avtomobil istehsalçısı BYD süni intellekt və robot texnologiyaları sahəsində yeni mərhələyə qədəm qoyur. Şirkət “Xiao Di” adlı humanoid robotunu avqust ayında ictimaiyyətə təqdim etməyə hazırlaşır.
Məlumata görə, robot ilk mərhələdə BYD-nin satış mərkəzlərində müştəriləri qarşılamaq, avtomobillər haqqında məlumat vermək və satış məsləhətçisi kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulub.
Sızdırılan texniki göstəricilərə əsasən, 160 santimetr boyunda və 59 kiloqram çəkidə olan Xiao Di 31 hərəkət sərbəstliyi dərəcəsinə malikdir. Robot 1 kiloqramlıq əşyaları 1 millimetr dəqiqliklə tuta bilir, 360 dərəcə görüntü sistemi və 3D mühit xəritələndirmə texnologiyası sayəsində insan simasını, əl və dodaq hərəkətlərini tanıya bilir.
BYD-nin vitse-prezidenti Stella Li bildirib ki, gələcəkdə şirkətin hər bir diler mərkəzində iki və ya üç humanoid robotun çalışması planlaşdırılır. Şirkət bu robotların yaxın 1–2 il ərzində praktik istifadəyə veriləcəyini açıqlayıb.
BYD bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində evlərdə istifadə oluna biləcək xidmət robotları bazarına da daxil olmağı hədəfləyir.
Prestij.media
















