2026-cı ilin ilk altı ayı ərzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzinə ümumilikdə 13 min 724 müraciət daxil olub.
Təqdim olunan statistik göstəricilərə əsasən, müraciətlərin sayı aylar üzrə artım dinamikası nümayiş etdirib. Yanvar ayında 1768, fevralda 2007, martda 1920, apreldə 2731, mayda 2458, iyun ayında isə 2840 zəng qeydə alınıb. Beləliklə, ən çox müraciət iyun ayında qeydə alınıb.
Müraciətlərin böyük hissəsi iş vaxtında qəbul edilib. Çağrı Mərkəzinə daxil olan zənglər müxtəlif əhali qruplarını əhatə edib. Onlar arasında istehlakçılar, aztəminatlı ailələr, uşaqlar, işaxtaranlar, əlilliyi olan şəxslər, hərbi qulluqçular, məhkumlar və digər kateqoriyalar üstünlük təşkil edib.
Statistikaya görə, vətəndaşların müraciətləri daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, TƏBİB, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları ilə bağlı olub.
Təqdim olunan rəqəmlər Ombudsmanın “916” Çağrı Mərkəzinin vətəndaşların hüquqlarının müdafiəsi və müraciətlərinin operativ araşdırılması istiqamətində mühüm rol oynadığını göstərir.

















