Myanmada cəmi 1000–1300 ABŞ dollarına başa gələn bambuk evlər 7,7 bal gücündə baş vermiş dağıdıcı zəlzələdən salamat çıxaraq mühəndislərin diqqətini cəlb edib.
Məlumata görə, Mandalay bölgəsində yerləşən və təbii fəlakətdən zərərçəkən ailələr üçün inşa edilən 26 bambuk evdən heç biri struktur zədəsi almayıb. Halbuki eyni ərazidə çoxsaylı beton tikililər dağılıb.
Layihənin əsas üstünlüklərindən biri evlərin cəmi bir həftə ərzində xüsusi ağır texnika olmadan quraşdırılmasıdır. Açıq mənbəli montaj təlimatı sayəsində evlər sadə əl alətləri və yerli sakinlərin birgə əməyi ilə tikilir.
Mütəxəssislər bildirirlər ki, bambukun elastik quruluşu zəlzələ zamanı yaranan enerjini udaraq tikilinin dağılmasının qarşısını alır. Bundan əlavə, xüsusi daşıyıcı birləşmə sistemi yükü bütün konstruksiya üzrə bərabər paylayır.
İndiyədək Myanmada bu layihə çərçivəsində 79 belə ev tikilib, yüzlərlə ailəyə isə onların inşası üçün təlimatlar təqdim olunub. Ekspertlər hesab edirlər ki, bu cür sürətli, ekoloji və münasib qiymətli evlər zəlzələ riski yüksək olan ölkələr üçün də alternativ həll yolu ola bilər.
Prestij.media
















