Azərbaycan Hava Yollarına (AZAL) məxsus Bakı–Naxçıvan reysini həyata keçirən sərnişin təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən geri dönüş etmək məcburiyyətində qalıb.
Şirkətin məlumatına görə, J2-295 nömrəli reysi icra edən hava gəmisi ildırımlı hava şəraiti ilə əlaqədar olaraq təhlükəsizlik məqsədilə Bakıya yönləndirilib və Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 21:09-da uğurla eniş edib.
Bundan əlavə, J2-2257 nömrəli Bakı–Naxçıvan reysinin də əlverişsiz meteoroloji şərait səbəbindən təxirə salındığı bildirilib. Sərnişinlərə uçuşlarla bağlı yenilənmiş məlumatların təqdim olunacağı qeyd olunub.
Qurumdan verilən açıqlamada son günlər Naxçıvanda müşahidə edilən qeyri-sabit hava şəraitinin reys cədvəllərinə təsir etdiyi vurğulanıb. Bildirilib ki, bölgənin dağlıq relyefi və sürətlə dəyişən hava axınları uçuşların planlaşdırılmasında çətinliklər yaradır.
AZAL uçuşların təhlükəsizliyinin prioritet olduğunu qeyd edərək, qərarların mövcud hava şəraitinə uyğun şəkildə operativ qəbul edildiyini açıqlayıb.
//Prestij.media
















