İngiltərənin Çester şəhərində aparılan arxeoloji qazıntılar zamanı Çester qalasının altında orta əsrlərə aid daş körpünün qalıqları aşkar edilib. Alimlər hesab edirlər ki, bu tapıntı qalanın müdafiə sistemi və giriş quruluşu ilə bağlı indiyədək məlum olmayan məqamların üzə çıxmasına kömək edəcək.
Prestij.media xəbər verir ki, qazıntılar Çester Kral Məhkəməsinin yerləşdiyi ərazidə aparılıb. Arxeoloqlar qalanın önündəki dərin müdafiə xəndəyini keçmək üçün inşa edilmiş körpünün daş bünövrələrini aşkar ediblər. İndiyədək yalnız tarixi mənbələrdə adı çəkilən bu tikilinin ilk dəfə fiziki qalıqlarının tapılması kəşfin əhəmiyyətini artırıb.
Mütəxəssislərin sözlərinə görə, sözügedən körpü orta əsrlərdə qalaya gedən əsas keçidlərdən biri olub. Həm hərbçilər, həm də ziyarətçilər məhz bu körpü vasitəsilə qalaya daxil olublar. Körpü qalanı əhatə edən müdafiə xəndəyinin üzərindən keçərək istehkam sisteminin mühüm hissəsini təşkil edib.
Araşdırmalar zamanı körpünün daş dayaqları və digər memarlıq elementləri sənədləşdirilib. Alimlər hesab edirlər ki, əldə olunan tapıntılar qalanın müxtəlif dövrlərdə necə genişləndirildiyini və giriş sisteminin zamanla necə dəyişdiyini müəyyənləşdirməyə imkan verəcək.
XI əsrdə Norman hökmdarı Fateh Vilhelmin əmri ilə inşa edilən Çester qalası uzun illər hərbi və inzibati mərkəz kimi istifadə olunub. Qazıntıları aparan qrup körpü qalıqlarının qorunacağını və ərazidə araşdırmaların davam etdiriləcəyini bildirib. Araşdırmaçılar ümid edirlər ki, yeni tapıntılar qalanın orta əsrlərdəki müdafiə sistemi və nəqliyyat şəbəkəsi barədə daha geniş məlumat əldə etməyə şərait yaradacaq.
















