Afrikanın Saxara səhrasında plastik tullantılardan istifadə etməklə yaşayış evləri tikilir. Qumla doldurulan minlərlə plastik butulka divar materialı kimi işlədilir. Layihənin məqsədi həm tullantıları yenidən dəyərləndirmək, həm də səhranın sərt iqliminə uyğun yaşayış məkanları yaratmaqdır.
Layihə Əlcəzairin Tinduf bölgəsindəki qaçqın düşərgələrində yaşayan sahralı mühəndis Tateh Lehbib Breica tərəfindən başladılıb. O, qum fırtınası zamanı xəsarət alan və yeriməkdə çətinlik çəkən nənəsi üçün daha təhlükəsiz ev tikmək istəyib. Evlərin dairəvi formada layihələndirilməsi güclü külək və qum fırtınalarına davamlılığı artırmaq məqsədi daşıyır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə layihə beş düşərgəyə yayılıb və ehtiyacı olan ailələr üçün ümumilikdə 25 ev inşa edilib. World Habitat təşkilatının məlumatına görə, layihəyə 60 min dollar vəsait ayrılıb. Bu üsul ənənəvi tikinti materiallarına ehtiyacı azaltmaqla yanaşı, sərfəli yaşayış həlləri yaratmağa yönəlib.
Prestij.media
















