Böyük Britaniyada avtomobil oğurluğu ciddi problem olaraq qalır. Məlumatlara görə, ölkədə hər 4 dəqiqədən bir avtomobil oğurlanır. Oğurlanan nəqliyyat vasitələrinin bir qismi hissələrə ayrılır, digərləri isə xarici ölkələrə göndərilir.
BBC-nin məlumatına əsasən, İngiltərə və Uelsdə avtomobil oğurluğu halları son 10 ildə təxminən 50 faiz artıb. Mütəşəkkil cinayətkar qruplar bəzi avtomobilləri sifarişlə oğurlayaraq saxta nömrələrlə yenidən satışa çıxarır. Digər nəqliyyat vasitələrindən isə narkotik alveri, qaçaqmalçılıq və digər cinayətlərdə istifadə olunur.
Polisin məlumatına görə, oğurlanmış avtomobillərin bir hissəsi Birləşmiş Ərəb Əmirlikləri, Konqo Demokratik Respublikası və Yamayka kimi ölkələrə göndərilir. Ötən il İngiltərə və Uelsdə qeydə alınan avtomobil oğurluğu halları 5 faiz azalaraq 119 minə düşüb.
Ötən ay 32 polis qurumunun iştirak etdiyi əməliyyatlarda ən azı 286 nəfər saxlanılıb və 319 avtomobil müsadirə edilib. Bununla belə, rəsmi məlumatlara görə, ötən il qeydə alınan avtomobil oğurluğu hadisələrinin yalnız 3 faizi üzrə şübhəlilərin məhkəməyə çıxarılması üçün tədbir görülüb.
Prestij.media
















