Alzheimer xəstəliyi təkcə yaddaşı deyil, həm də gündəlik işləri planlaşdırmaq, hadisələri düzgün ardıcıllıqla yerinə yetirmək bacarığını zəiflədə bilər. Alimlər çay dəmləyərkən və ya yemək hazırlayarkən addımların tez-tez qarışdırılmasının diqqətdən kənarda qalmamalı olduğunu bildirirlər.
Prestij.media xəbər verir ki, Biruni Universitetinin Dil və Nitq Terapiyası Bölümünün dosenti Fenisə Selin Karalı və müəllim Samet Tosunun da iştirak etdiyi beynəlxalq araşdırmanın nəticələri Cortex elmi jurnalında dərc olunub.
Araşdırmada sağlam yaşlı insanlar, yüngül koqnitiv pozğunluğu olan şəxslər və Alzheimer xəstəliyinin erkən mərhələsində olan ümumilikdə 54 iştirakçı yer alıb. Onlara gündəlik həyatı əks etdirən qarışıq şəkillər göstərilərək hadisələri düzgün ardıcıllıqla düzmələri və təsvir olunan vəziyyəti müəyyən etmələri istənilib.
Tədqiqatın nəticələrinə görə, koqnitiv funksiyalar zəiflədikcə insanların gündəlik hadisələri düzgün ardıcıllıqla anlama və təşkil etmə bacarığı da azalır. Sağlam iştirakçılar tapşırıqları əsasən düzgün yerinə yetirsələr də, yüngül koqnitiv pozğunluğu olan şəxslər daha çox səhv edib, Alzheimer xəstələrində isə səhvlərin sayı əhəmiyyətli dərəcədə artıb.
Mütəxəssislərin sözlərinə görə, Alzheimer xəstəliyində problem yalnız unutqanlıqla məhdudlaşmır. Xəstələr çay hazırlamaq, yemək bişirmək və ya alış-veriş etmək kimi gündəlik fəaliyyətlərdə addımları düzgün ardıcıllıqla yerinə yetirməkdə də çətinlik çəkə bilirlər.
Araşdırma müəllifləri vurğulayırlar ki, yemək hazırlayarkən ardıcıllığın tez-tez qarışdırılması, çay dəmləyərkən addımların unudulması və ya alış-verişi planlaşdırmaqda çətinlik çəkmək sadəcə diqqətsizlik kimi qiymətləndirilməməlidir. Bu dəyişikliklər Alzheimer və ya yüngül koqnitiv pozğunluğun erkən əlamətlərindən biri ola bilər.
Tədqiqatçılar hesab edirlər ki, bu cür testlər gələcəkdə Alzheimer xəstəliyinin erkən aşkarlanmasına kömək edən əlavə qiymətləndirmə üsullarından biri kimi istifadə oluna bilər.
















