Argentinanın Rio-Qrande şəhərində evlərinin qarşısında ağac əkən mülk sahiblərinə əmlak vergisi güzəşti tətbiq olunur. Bələdiyyənin həyata keçirdiyi təşəbbüsün məqsədi şəhərdə yaşıllıq sahələrini artırmaq və sakinləri ətraf mühitin qorunmasına təşviq etməkdir.
Qaydalara əsasən, evlərinin qarşısındakı səkilərdə müəyyən edilmiş şərtlərə uyğun ağac əkən sakinlər ən çox üç ağaca görə vergi endirimindən yararlana bilərlər. Ağacların sağlam olması və mütəmadi qulluq edilməsi tələb olunur. Hər ağac üçün güzəştin məbləğini bələdiyyə müəyyən edir.
2026-cı il üzrə müraciətlərin qəbulu dekabrın 15-dək davam edəcək. İştirak etmək istəyən mülk sahibləri imzalı ərizə, ağacların fotoşəkilləri və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər. Bələdiyyə bu yolla həm yeni ağacların əkilməsini, həm də mövcud yaşıllıqların qorunmasını hədəfləyir.
Prestij.media
















