Slovakiyada Tuna çayında maqnitlə qədim əşyalar axtaran xəzinə ovçusu təxminən 80 ildir su altında qalan 700 kiloqramdan ağır II Dünya müharibəsi minasına rast gəlib.
Hadisə Macarıstan sərhədi yaxınlığındakı Virt qəsəbəsi ərazisində baş verib. Suyun səviyyəsinin kəskin azalması nəticəsində çay yatağında üzə çıxan mina hələ də partlama təhlükəsi yaradırdı. Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub və gəmi hərəkəti müvəqqəti dayandırılıb.
Mütəxəssislər minanı sudan çıxararaq yaşayış məntəqələrindən uzaq əraziyə aparıb və nəzarətli şəkildə zərərsizləşdiriblər. Onun 1944-cü ildə Britaniya təyyarələri tərəfindən Tuna çayına atıldığı ehtimal edilir.
Hadisədən qısa müddət sonra yaxınlıqdakı başqa ərazidə də II Dünya müharibəsindən qalan ikinci mina aşkarlanaraq məhv edilib.
Prestij.media
















