Mozambikdə Zambezi çayı üzərində inşa edilən Cahora Bassa bəndi iki böyük qapının bağlanması ilə başlayan nəhəng layihəyə çevrildi. 1974-cü ildə çayın qarşısının kəsilməsi nəticəsində 270 kilometr uzunluğunda və təxminən 52 milyard kubmetr su tutan böyük su anbarı yaradıldı.
Prestij.media xəbər verir ki, qayaların içərisində inşa edilən su elektrik stansiyası təxminən 2 min meqavat gücündə enerji istehsal edir. Burada istehsal olunan elektrik 1 414 kilometrlik yüksək gərginlikli xətlər vasitəsilə Cənubi Afrikaya ötürülür. Layihə uzun illər regionun əsas enerji mənbələrindən biri olub.
Mozambik vətəndaş müharibəsi zamanı elektrik xətləri hücumlara məruz qalıb və enerji ötürülməsi 1985-ci ildən dayanıb. Müharibədən sonra yüzlərlə kilometr xətt bərpa edilib və mina təmizləmə işləri aparılıb. Cahora Bassa 1997-ci ildə yenidən Cənubi Afrika şəbəkəsinə elektrik verməyə başlayıb. Layihə həmçinin Zambezi vadisində kənd təsərrüfatı, balıqçılıq və təbii daşqın sistemində ciddi dəyişikliklər yaradıb.
















