Rusiya Müdafiə Nazirliyi Ukraynaya gecə saatlarında həyata keçirilən hücumlar zamanı Kiyevdə hərbi sənaye müəssisəsi və yanacaq anbarının, eləcə də Qara dənizdə iki quru yük gəmisinin vurulduğunu açıqlayıb.
Nazirliyin məlumatına görə, hücum zamanı qanadlı raketlər üçün hissələrin istehsal edildiyi bildirilən “Kiyev-111” hərbi sənaye müəssisəsi hədəfə alınıb. Eyni hücum çərçivəsində “Kiyev-3” adlı yanacaq anbarının da vurulduğu bildirilib.
Rusiya tərəfi həmçinin Odessa şəhərinin cənub və şərq sahillərindən kənarda hərbi yük daşıdığı iddia edilən iki quru yük gəmisinin hədəfə alındığını açıqlayıb. Hücumlarda yüksək dəqiqlikli silahlardan və pilotsuz uçuş aparatlarından istifadə edildiyi qeyd olunub.
Ukrayna hakimiyyəti isə Rusiya ordusunun Kiyev vilayətinə endirdiyi zərbələr nəticəsində 4 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını açıqlayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində ölkəyə 6 raket və 151 silahlı pilotsuz uçuş aparatı ilə hücum edilib. Hava hücumundan müdafiə qüvvələrinin 135 PUA-nı zərərsizləşdirdiyi bildirilib.
Bu arada Moskva meri Sergey Sobyanin Ukraynadan Rusiyanın paytaxtına doğru bir həftə ərzində 1 984 PUA göndərildiyini açıqlayıb. Onun sözlərinə görə, PUA-ların böyük hissəsi Moskvaya çatmadan hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Prestij.media
















