Yaponiyada imperator taxtının kişi varislərinin sayının kritik həddə enməsi səbəbindən İmperator Ailəsi haqqında qanuna mühüm dəyişikliklər edilib.
Prestij.media xəbər verir ki, ölkə parlamentinin yuxarı palatası da qanun layihəsini təsdiqləyib.
Yeni qaydalara əsasən, vaxtilə imperator ailəsi statusunu itirmiş sülalə qollarının 15 yaşdan yuxarı kişi üzvlərinin yenidən övladlığa götürülərək imperator ailəsinə daxil edilməsinə hüquqi imkan yaradılıb. Bu addımın məqsədi imperator nəslinin davamlılığını təmin etməkdir.
Qanunda daha bir mühüm yenilik imperator ailəsinin qadın üzvləri ilə bağlıdır. Bundan sonra onlar adi vətəndaşla ailə qurduqları halda imperator ailəsindəki statuslarını qoruyub saxlaya biləcəklər. Əvvəlki qanunvericiliyə əsasən isə belə nikah bağlayan qadınlar ailədən ayrılır və titullarını itirirdilər.
Bununla belə, təxminən 2600 illik tarixə malik Yaponiya monarxiyasının əsas varislik prinsipi dəyişdirilməyib. Qüvvədə qalan qaydalara görə, imperator taxtına yalnız ata xətti ilə gələn kişi nəslinin nümayəndələri sahib ola bilər.
















