ABŞ ordusu Hörmüz boğazında yerləşən Keşm adası yaxınlığını raket zərbələri ilə hədəfə alıb. Dünyanın ən mühüm enerji keçid məntəqələrindən biri sayılan bu bölgə İran iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır.
Prestij.media xəbər verir ki, İran KİV-lərinin məlumatına görə, ABŞ qüvvələri Keşm adası yaxınlığındakı ərazilərə raket hücumu həyata keçirib. Hadisə ilə bağlı Hörmüzqan vilayətinin rəhbərliyi də açıqlama yayıb.
Məlumata əsasən, ABŞ tərəfindən atılan raketlər Keşm adası yaxınlığına düşüb. Hücumdan sonra Əhvaz və Bəndər-Abbas şəhərlərində də partlayış səslərinin eşidildiyi bildirilib.
Hörmüz boğazının yaxınlığında yerləşən Keşm adası dəniz nəqliyyatına nəzarət, hava müdafiəsi və bölgədəki hərbi fəaliyyətin izlənilməsi baxımından mühüm strateji mövqeyə malikdir.
Ada həmçinin neft-qaz, neft-kimya, logistika və turizm sahələri vasitəsilə İran iqtisadiyyatına ciddi töhfə verir və Fars körfəzi ölkələri ilə ticarətdə mühüm rol oynayır.
Ağ Ev isə açıqlamasında son hücumların İranın imzalanmış memorandumun şərtlərini pozması səbəbindən həyata keçirildiyini bildirib. Bəyanatda, eyni zamanda, İranın ABŞ ilə danışıqları davam etdirdiyi və razılaşma əldə etmək istədiyi vurğulanıb.
















