ABŞ-nin Miçiqan ştatında yerin 247-556 metr dərinliyində, günəş işığının çatmadığı süxur qatlarında minlərlə göbələk hüceyrəsi aşkar edilib. Alimlər bu nəticənin yeraltı həyatın düşünüldüyündən daha müxtəlif olduğunu göstərdiyini bildirirlər.
Miçiqan Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu Miçiqan hövzəsindəki Antrim Shale adlı süxur qatında yerləşən altı qaz quyusundan su nümunələri götürüb. Analiz zamanı bir millilitr suda 41-69 min mikrob hüceyrəsi, onların arasında isə 4 200-6 800 göbələk hüceyrəsi müəyyənləşdirilib. Göbələklərin yeraltı mikrob biokütləsinin təxminən beşdə birini təşkil etdiyi hesablanıb.
Alimlər laboratoriyada 205 göbələk nümunəsini yetişdirə bilib və onları 67 qrupa ayırıblar. Daha geniş genetik analiz zamanı isə altı müxtəlif göbələk şöbəsinə aid 689 qrup müəyyən edilib. Onlardan 13-nün elm üçün əvvəllər təsvir olunmamış göbələk qrupları ola biləcəyi ehtimal edilir. Tədqiqatçılar göbələklərin yeraltı karbon dövranında rol oynaya biləcəyini, lakin bunun dəqiq müəyyənləşdirilməsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.
Prestij.media
















