ABŞ-ın Yuta ştatında yerləşən Pineview su anbarında suyun səviyyəsi cəmi 2 faizə qədər endirilib. Suyun çəkilməsi ilə üzə çıxan göl dibində ağır texnikanın hərəkəti üçün müvəqqəti yol salınmasına başlanılıb.
İşlərin əsas səbəbi gölün altından keçən köhnə içməli su xəttinin yenilənməsidir. Təxminən 120 min insanı su ilə təmin edən sistemin gölün altındakı hissəsinə çatmaq üçün suyun səviyyəsi aşağı salınıb.
İşlər başa çatdıqdan sonra müvəqqəti yol söküləcək və gölün yenidən su ilə dolmasına şərait yaradılacaq.
Gölün dibində yol salırlar
Suyun çəkilməsi ilə üzə çıxan göl dibi ağır yük maşınlarının hərəkəti üçün kifayət qədər möhkəm olmadığından əraziyə böyük həcmdə daş və doldurma materialı gətirilir.
Bu materiallardan istifadə edilərək iş maşınlarının hərəkət edə biləcəyi müvəqqəti yol yaradılır. Yol tamamlandıqdan sonra texnika gölün içərisinə qədər irəliləyə biləcək.
Daha sonra gölün dibində xəndək qazılaraq yeni içməli su borusu yerləşdiriləcək və üzəri yenidən örtüləcək. Təxminən 55 ildir istifadə olunan köhnə boru xətti isə tamamilə çıxarılmayacaq. Təmir edilərək ehtiyat xətt kimi saxlanılacaq.
Pineview-dan Ogden şəhərinə qədər uzanan boru xəttinin yenilənməsini nəzərdə tutan layihənin ümumi dəyəri təxminən 100 milyon dollardır. Mövcud boru xəttindəki sızmalar səbəbindən bəzi dövrlərdə gündə təxminən 3,8 milyon litr suyun itirildiyi bildirilir.
Sular çəkiləndə oğurlanmış yük maşını da tapıldı
Gölün demək olar ki, tamamilə boşaldılması illərdir suyun altında qalan bəzi əşyaları da üzə çıxarıb.
Onların arasında gölün dibində qalan sarı rəngli köhnə yük maşını diqqət çəkib. Polis avtomobilin məlumatlarını yoxladıqdan sonra onun 2007-ci ildə oğurlandığını müəyyən edib.
Yük maşınının təxminən 20 il ərzində gölün altında qalmış ola biləcəyi ehtimal edilir. Suyun çəkildiyi digər ərazilərdə isə əvvəllər su altında qalan bəzi köhnə tikililərin qalıqları da yenidən görünüb.
Boru xətti ilə bağlı işlər tamamlandıqdan sonra müvəqqəti yol söküləcək və istifadə olunan doldurma materialları ərazidən çıxarılacaq. Pineview su anbarının əvvəlki səviyyəsinə nə vaxt qayıdacağı isə bölgəyə düşəcək qarın və gölə daxil olacaq suyun miqdarından asılı olacaq.
Prestij.media
















