İngiltərədə 33 ildir fəaliyyət göstərən Leading Labels geyim mağazaları şəbəkəsi maliyyə problemlərindən sonra bağlanmaq qərarı verib. Şirkətin hazırda fəaliyyət göstərən 15 mağazasında bağlanış endirimlərinə başlanılıb.
1993-cü ildə yaradılan şirkətin bir vaxtlar ölkə üzrə təxminən 30 mağazası olub. Hazırda isə yalnız 15 mağaza fəaliyyət göstərir.
Leading Labels mayın 26-da ləğvetmə prosesinə daxil olub. Ləğvetmə üzrə məsul şəxsin təyin edilməsindən sonra qalan mağazaların da mərhələli şəkildə bağlanacağı açıqlanıb.
İpsviç, Norviç, Karlayl və Basildon da daxil olmaqla 15 mağazada mövcud məhsullar endirimli qiymətlərlə satışa çıxarılıb. Ehtiyatlar tükəndikcə mağazaların bir-bir bağlanacağı bildirilib.
Şirkət uzun illər ərzində Calvin Klein, Wrangler, Lee, Ben Sherman, Crew Clothing, Farah, Joules və Regatta kimi tanınmış markaların məhsullarını daha münasib qiymətlərlə satıb.
Şirkətin saytında yayılan məlumata görə, bağlanış prosesi çərçivəsində bütün mağazalardakı məhsullar satışdan çıxarılacaq. Ehtiyatlar azaldıqca məhsul çeşidlərinin və ölçülərin də tükənəcəyi bildirilir.
Prestij.media
















