Şotlandiyanın paytaxtı Edinburgh şəhərində müsəlmanları hədəf alan silsilə hücumlar nəticəsində 5 nəfər yaralanıb. Hadisə ilə bağlı 36 yaşlı şotlandiyalı şübhəli saxlanılıb.
Məlumata görə, hücumlar şəhərin müxtəlif ərazilərində, o cümlədən Broomhouse Mosque yaxınlığında baş verib. Yaralananlardan bəziləri xəstəxanaya yerləşdirilib, lakin onların həyatına təhlükə olmadığı bildirilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə şübhəlinin əlində kəsici alətlə ətrafa ziyan vurduğu, avtomobillərin şüşələrini sındırdığı əks olunub. Saxlanılarkən onun “Ölkəni qoruyuram” deyə qışqırdığı bildirilib.
Hadisə ilə bağlı terrorla mübarizə polisi araşdırma aparır. Şotlandiya və Böyük Britaniya rəsmiləri hücumları pisləyərək, ölkədə irqçiliyə və dini nifrətə yer olmadığını vurğulayıblar. Müsəlman təşkilatları isə son hadisəni ölkədə islamofobiyanın artmasının növbəti nümunəsi kimi qiymətləndiriblər.
















