ABŞ İranın bir sıra ərazilərinə hava zərbələri endirib.
Bu barədə xarici mətbuat xəbər verir.
Məlumata görə, İranın cənubundakı Bəndər Abbas, Sirik və Qeşm adası ətrafında ardıcıl partlayış səsləri eşidilir. İranın ABŞ-nin “Apache” helikopterini vurmasından sonra Vaşinqton administrasiyası cavab hücumuna başlayıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Iranı Hörmüz boğazı ərazisində Amerika helikopterinə endirilən zərbəyə cavab verəcəyi ilə hədələyib. O, qeyd edib ki, ABŞ-nin Hörmüz boğazı ərazisində patrul xidməti aparan yüksək texnologiyalı “Apache” helikopterlərindən biri vurulub. “Göyərtədə iki pilot olub, hər ikisi təhlükəsizlikdədir və xəsarət almayıb. Bununla belə, ABŞ, zəruri olaraq, bu hücuma reaksiya verməlidir”, – Tramp sosial şəbəkə hesabında yazıb.
Trampın “Hücuma cavab verəcəyik” açıqlamasından dərhal sonra Amerika Ordusu İranın strateji liman şəhərlərini hədəf almağa başlayıb.
Daha əvvəl NYT nəşri mənbələrə istinadən bildirib ki, ABŞ-nin “AH-64 Apache” zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
















